Taxıl biçini dövründə yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı qabaqlayıcı tədbirlər görülür
Naxçıvan, 24 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə tədbirlər planına uyğun olaraq “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində 2021-ci ildə muxtar respublika ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi və qabaqlayıcı tədbirlərin görülməsi, biçin zamanı taxıl zəmilərində işləyəcək kombaynların və digər kənd təsərrüfatı texnikalarının hazırlığı ilə bağlı maarifləndirici səyyar seminar-müşavirə keçirilib.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən nazirliyin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Mirtaleh Seyidov taxıl zəmilərində yanğın hadisələrinin baş verməsinin qarşısının alınması məqsədilə nazirlik tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələrdən danışıb.
Sonra nazirliyin bölmə rəisi, daxili xidmət mayoru Hasil Məmmədov ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, taxıl zəmilərində yanğın hadisələrinin baş verməsinin qarşısının alınması qaydaları haqqında məlumat verib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru, polis mayoru İman Quliyev ot-taxıl biçini dövründə vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulması və biçindən sonra sahələrin yandırılmasına görə tətbiq olunan inzibati məsuliyyət növləri, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin texniki nəzarət və aqroservis sektorunun müdiri Valeh Mehdiyev biçin dövründə taxıl zəmilərində işləyəcək kənd təsərrüfatı texnikalarının və aqreqatların hazırlıq vəziyyətinə gətirilməsi ilə bağlı görülmüş tədbirlər, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin texniki şöbəsinin rəisi Həzi Həsənov taxıl biçini kompaniyasına hazırlıqla bağlı, cəmiyyətin Naxçıvan şəhər və onun rayon bazalarında mövcud olan kombaynların və digər kənd təsərrüfatı texnikalarının texniki sazlığı, onların biçinə hazırlığı ilə bağlı görülmüş tədbirlər haqqında ətraflı söz açıblar.
Tədbirdə kombaynlara baxış keçirilib, yanğın törədə biləcək hallarla bağlı iştirakçılara məlumatlar verilib və kənd təsərrüfatı texnikalarında mövcudluğu zəruri olan ilkin yanğınsöndürmə vasitələrinin istifadə və istismar qaydaları əyani olaraq göstərilib.
Qeyd edək ki, bu cür maarifləndirici tədbirlərin bundan sonra da yerlərdə keçirilməsi nəzərdə tutulub.