Tbilisidə Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib
Tbilisi, 19 oktyabr, AZƏRTAC
Tbilisidəki V.Sarajişvili adına Milli Konservatoriyanın böyük zalında 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Azərbaycan musiqisi gecəsi” adlı konsert təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konsert Tbilisidəki “Alyans” Gənclər Mərkəzinin və Xan Şuşinski Fondunun təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin və ölkəmizin Gürcüstandakı səfirliyinin təşkilatçılığı, Gürcüstan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Samir Əbdürəhimov çıxış edərək Azərbaycanın müstəqillik mübarizəsinin tarixinə nəzər salıb. Dövlət müstəqilliyimizin bərpasında və möhkəmlənməsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xidmətlərini xüsusi qeyd edib. Bildirilib ki, müstəqilliyimizin ilk dövrlərində qarşılaşdığımız bütün çətinliklərə baxmayaraq, Ulu Öndər xalqımızı bəlalardan qurtarıb, azadlığımızı, müstəqilliyimizi əbədi edib.
Diplomat Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünya dövlətləri sırasında mövqeyinin daha da möhkəmləndiyini bildirib.
Tədbirdə “Alyans” Gənclər Mərkəzinin sədri Leyla Əmrahova çıxışında deyib ki, bu gün ölkələrimiz arasında əlaqələr daha da inkişaf edir və möhkəmlənir. O, bu cür tədbirlərin mədəni əlaqələrin inkişafına xidmət etdiyini vurğulayıb.
Konsertdə Əməkdar artist Nərgiz Kərimova (soprano), Əminə Zülfüqarova (fleyta), Nigar Həsənova (piano) və Gülsüm Xəlilova (soprano) Azərbaycanın xalq və bəstəkar mahnıları, eləcə də dünya musiqiçilərinin əsərlərindən parçalar ifa ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi