Tbilisidə keçirilən beynəlxalq konfransda Azərbaycanın təcrübəsindən bəhs olunub
Tbilisi, 13 oktyabr, AZƏRTAC
Tbilisidə "Cinayət məsələlərində bərpaedici ədliyyənin rolu" mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, iki gün davam edən tədbirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin, Baş Prokurorluğun, UNICEF-in ölkəmizdəki nümayəndəliyinin və bu sahə ilə əlaqəsi olan QHT-lərin nümayəndələri iştirak ediblər.
Konfransda Avropa ölkələrinin və Gürcüstanın bu sahədəki təcrübəsi ilə bağlı məlumatlar verilib, bir sıra təqdimatlar olub.
Azərbaycan Respublikası nümayəndə heyətinin üzvləri ölkəmizdə uşaq və yeniyetmələrin hüquqlarının, xüsusən də cinayət, inzibati xəta, cinayət xətası törətmiş uşaqların məsuliyyətə cəlb olunması, işlərin araşdırılması, istintaq və məhkəmə zamanı onların hüquqlarının qorunması, eləcə də cinayət məsuliyyətindən azad olunmuş və cəzasını çəkdikdən sonra azadlığa çıxan uşaqların adaptasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən layihələr barədə məlumat veriblər.
Bildirilib ki, Azərbaycanda həyata keçirilən layihələr Avropa İttifaqı və UNICEF tərəfindən də müsbət qarşılanıb.
Eyni zamanda, Baş Prokurorluğun və Ədliyyə Nazirliyinin nümayəndələri müxtəlif mövzular ətrafında müzakirələrdə iştirak edib, rəy və təkliflər irəli sürüblər.
Azərbaycan nümayəndə heyətinin məlumat və təklifləri maraqla qarşılanıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi