TBİLİSİDƏ OĞURLANAN MAŞINLAR YEREVANDA SATILIR
Rəsmi məlumata görə, Yerevanda Gürcüstanda oğurlanmış 30-dan artıq maşın var, amma bu rəqəmin 200-dən çox olması da ehtimal edilir. “Şelkovıy put” (“İpək yolu”) qəzetinin əməkdaşı Mziya Narmania bildirir ki, onun həyat yoldaşına məxsus “Mersedes-230” markalı avtomobili təqribən 9 ay öncə Tbilisidə qaçırmışlar. Axtarış nəticəsində aydın olmuşdur ki, maşın Yerevanda satılmış və onun alqı-satqısı saxta sənədlərlə “qanuniləşdirilmişdir”. Mziya Yerevanda məhkəməyə müraciət etsə də, hələlik müsbət cavab almamışdır. Digər faktlarla da bağlı Yerevanda süründürməçiliyə yol verilir. Gürcüstan iqtidarı işə qarışıb lazımi tədbirlər görməsə, həmin avtomobillərin sahibləri Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirəcəklərini və Marneuli rayonunun ərazisindən Ermənistana gedən mərkəzi avtomobil yolunu bağlayacaqlarını bildirirlər.