Tbilisidə Ulu Öndərin 100 illik yubileyinə və Zəfər Gününə həsr olunmuş konsert keçirilib
Tbilisi, 11 noyabr, AZƏRTAC
Noyabrın 11-də Tbilisidə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə və Zəfər Gününə həsr olunmuş konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, konsert Azərbaycanın Gürcüstandakı səfirliyinin və AZEBİ-nin dəstəyi, Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib. Sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov çıxış edərək bildirib ki, Ulu Öndərin 100 illik yubileyi və Zəfər Günü ilə əlaqədar tədbirlər planı hazırlanıb. Plana əsasən, Tbilisidə silsilə tədbirlər keçirilir və bu konsert də həmin plana əsasən təşkil olunub.
Sonra Azərbaycan Milli Konservatoriyasının nəzdindəki İncəsənət Gimnaziyasının müəllim və şagirdləri, eləcə də Tbilisidə fəaliyyət göstərən “Ceyran” rəqs ansamblının rəqs qrupu maraqlı konsert proqramı ilə çıxış ediblər.
Azərbaycanın Əməkdar artisti Firuzə İbadova, gimnaziyanın müəllimləri Məhəmməd Hacıyev (tar), Oktay Şərifov (kamança), Naibə Şahməmmədova (piano), eləcə də şagirdlər Azərbaycan milli rəqslərini və mahnılarını ifa ediblər. Konservatoriyanın müəllim və şagirdlərin ifa etdikləri “Azərbaycan", “Azərbaycanım”, “Qarabağ”, “Qarabağ şikəstəsi”, “Cənnətim Qarabağ”, “Xudayar təsnifi” və s. mahnılar, eləcə də rəqslər maraqla qarşılanıb.
Səhnədə quraşdırılmış ekranda konsert boyu Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotolar, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqa müraciətindən fraqmentlər, Azərbaycanın mədəniyyəti, incəsənəti, milli sərvətləri ilə yanaşı, doğma Şuşanın görüntüləri nümayiş etdirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi