Təbii yanacağın qiymətinin artması Ermənistanda ağır sosial-iqtisadi böhran yaratmışdır
Bakı, 6 iyun (AZƏRTAC). Ermənistanda ağır sosial-iqtisadi böhran yaranmışdır. Ölkədə hakimiyyətdən narazıların sayı isə sürətlə artmaqdadır. Hər keçən gün Ermənistanda sosial-iqtisadi vəziyyətin daha da pisləşməsinə, ölkədə narazıların sayının sürətlə artmasına səbəb olmuşdur.
Ölkədə baş verənləri şərh edən “İrs” Partiyasının parlamentdəki fraksiyasının rəhbəri Ruben Akopyan demişdir ki, inhisarçılıq, kölgə iqtisadiyyatı və korrupsiya sistemi artıq təhlükəli həddə çatmışdır. Sosial gərginlik, eləcə də alınan təbii qazın qiymətinin bahalaşması sosial partlayışa səbəb olacaqdır. Ermənistanda təbii qazın qiymətinin artırılması ilə bağlı keçirilən rəy sorğusu nəticəsində məlum olmuşdur ki, respondentlər qiymət artımına qarşı alternativ yollarla mübarizədən daha çox, Ermənistanı tərk etməyə hazırlaşırlar. Parisdə erməni lobbisinin vəsaiti hesabına gündəlik nəşr edilən “Ermənistan xəbərləri” jurnalı yenə də Ermənistanda vəziyyətin çox pis olduğunun yazmışdır.
Qeyd olunmuşdur ki, ermənilərin 74 faizi ölkəni tərk etmək istəyir. Onlar səfalət bürüyən, iqtisadiyyatı iflic vəziyyətinə düşən və korrupsiyanın baş alıb getdiyi ölkəni tərk etməyə hazırdırlar.
Erməni politoloq Qaqik Ambaryan hesab edir ki, təbii qazın qiymətinin artması zəncirvarı şəkildə bütün iqtisadiyyata mənfi təsir edəcəkdir. Çünki ölkənin maliyyə imkanları baş verənlərə qarşı hansısa preventiv tədbirlər görməyə imkan vermir.
“Armenian report” saytının məlumatına görə, ötən ilin yekunları üzrə Ermənistanın xarici borcu 1 trilyon 508 milyard dram və ya 3 milyard 738 milyon ABŞ dolları təşkil etmişdir.
Baş nazir Tiqran Sarkisyan demişdir ki, bunun 534 milyonu Mərkəzi Bankın kredit öhdəlikləridir.