Təbrizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Təbriz, 24 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğunda Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra baş konsulluq tərəfindən faciə ilə bağlı hazırlanmış broşürlər iştirakçılara təqdim edilib.
Mərasimdə çıxış edən İran İslam Respublikasının vətəndaşı, peşəkar kino işçisi Eyyub Daneşvər Xocalı soyqırımının digər qətliamlardan fərqli olaraq hətta çəkilmiş videokadrlarla da sübuta yetirildiyini söyləyib, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası haqqında danışan E.Daneşvər “Xoca” filminin çəkilişi barədə də söhbət açaraq filmin Xocalı soyqırımı zamanı baş vermiş real hadisələri əks etdirdiyini, soyqırımı şahidlərinin ifadələrinə əsaslandığını, bu filmin ərsəyə gəlməsində 22 nəfər iranlı peşəkar mütəxəssisin iştirak etdiyini bildirib. O, filmin baş konsulluq tərəfindən Təbrizdə nümayiş etdirilməsi təşəbbüsünü dəstəklədiyini qeyd edib. Türkiyə Respublikasının Təbrizdəki baş konsulu Quven Beğeç mərasimdə çıxış edərək ermənilərin tarix boyu Türkiyə və Azərbaycana qarşı bir çox terror hadisələri, qətliamlar törətdiklərini, daim ərazi iddialarında olduqlarını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli cəhdlərinə və Türkiyə dövlətinin sülh çağırışlarına Ermənistan tərəfindən əməl olunmadığını bildirib.
Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə mərasimdə çıxış edərək müasir dövrdə Xocalı soyqırımı kimi ağlasığmaz qətliamların törədilməsinin daha acınacaqlı hal olduğunu, bu qətliamın bütün bəşəriyyət əleyhinə törədilən cinayət sayıldığını deyib. Bu səbəbdən Xocalı soyqırımı ilə bağlı aparılan kampaniyaya bütün dünya ictimaiyyətinin qoşulduğunu qeyd edən baş konsul tarix boyu erməni millətçilərinin “Böyük Ermənistan” yaratmaq planları ilə Azərbaycan, İran və Türkiyə dövlətlərinin ərazilərində yerli əhaliyə qarşı bir çox kütləvi qırğınlar törətdiyini bildirib.
Baş konsul ermənilərin dünya ictimaiyyətinin diqqətini yayındırmaq, özlərinin törətdiyi cinayətləri ört-basdır etmək məqsədilə qondarma “erməni soyqırımı” və digər yalan iddialarla çıxış etdiyini, Xocalı soyqırımını törədənlərin cəzalandırılmasının və həyata keçirilən tədbirlərlə qətliam haqqında dünya ictimaiyyətinə daha çox məlumat verilməsinin bu cür cinayətlərin təkrarlanmasının qarşısının alınmasında vacib rol oynayacağını vurğulayıb. O, ilk olaraq ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymətini alan Xocalı qətliamının dünyada tanıdıldığını, soyqırımını törədənlərin cəzalandırılması istiqamətində Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan işlərin hazırda da davam etdiyini nəzərə çatdırıb. Bu soyqırımına siyasi-hüquqi qiymət verən dövlətlərin və beynəlxalq təşkilatların sayının ilbəil artdığını, hazırda 12 ölkənin, o cümlədən ABŞ-ın 15-dən artıq ştatının, İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatların Xocalı soyqırımını tanıdığını söyləyib.
Çıxışlardan sonra erməni təcavüzü və Xocalı soyqırımının dəhşətlərindən bəhs edən sənədli film nümayiş etdirilib və soyqırımı qurbanlarının xatirəsinə ehsan verilib.
Xocalı faciəsini əks etdirən CD, DVD, broşür, jurnal və bukletlər, fars dilinə tərcümə edilmiş digər əyani materiallar mərasim iştirakçılarına paylanıb. Mərasim iştirakçıları baş konsulluq tərəfindən hazırlanmış Xocalı soyqırımına aid fotostendə baxıb, həmçinin sərgilənən kitab, jurnal və bukletlərlə tanış olublar.
Mərasimdə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri, Şərqi Azərbaycan Valiliyinin rəsmiləri, Türkiyə Respublikasının Təbrizdəki baş konsulluğunun əməkdaşları, həmçinin Təbrizdə yaşayan Azərbaycan vətəndaşları, kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Təbriz