İQTİSADİYYAT
“Technest” tələbələri “Teknofest Ankara” müsabiqəsində finalçı statusu sertifikatına layiq görülüb


Bakı, 19 sentyabr, AZƏRTAC
“Technest” təqaüd proqramının tələbələri Əli İbrahimli, Sənan Əlizadə və Mirzəhüseyn Hadıyev “Teknofest Ankara” müsabiqəsində “TechMAS Solutions” komandasının üzvü kimi “Smartrow” layihəsini təqdim ediblər. Layihə insanların növbə ilə əməliyyat gözlədiyi qurumlara innovativ həllər təklif edir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən AZƏRTAC-a bildirilib ki, uğurlu təqdimatdan sonra Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK), İstanbul Bağcılar Bələdiyyəsi və təxminən 10 özəl şirkət “Smartrow” layihəsinə maraq göstərib. “TechMAS Solutions” komandası, həmçinin finalçı statusu sertifikatına layiq görülüb.
Qeyd edək ki, “Technest” təqaüd proqramı 2021-ci ilin oktyabr ayından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə İnnovasiya və Rəqəmsal İnkişaf agentliyinin nəzdində yaradılıb. Məqsəd ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək və əmək bazarındakı kadr ehtiyaclarını qarşılamaqdır. Proqram fəaliyyətinin ilk ili olan 2021-2022-ci tədris ilində 600-dən çox gəncə təhsil üçün təqaüd ayırmışdır və onların gələcəyin peşəsinə yiyələnməyinə təkan verib. Fəaliyyətinin ikinci ilində qarşıya qoyulan məqsəd təqaüdçü sayını 3000 nəfərə çatdırmaqdır.