Tədqiqat aparan məktəbli beynəlxalq olimpiadada fəxri diplomla təltif olunub
Bakı, 24 iyun, AZƏRTAC
T.İsmayılov adına 6 saylı məktəb-liseyin şagirdi Ayla Ağayeva Elm və Təhsil Nazirliyinin akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda apardığı tədqiqatını yekunlaşdırıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqat kimya üzrə fəlsəfə doktorları Adilə Əliyeva və Elmir Babayevin rəhbərliyi ilə “Karbon qazının utilizasiyası və dimetil karbonatın (DMK) alınması” mövzusu istiqamətində aparılıb. Tədqiqatın nəticələri 2023-cü ilin may ayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Bakı Ali Neft Məktəbində keçirilən tələbələrin və gənc tədqiqatçıların IV beynəlxalq elmi konfransına təqdim olunub və sertifikatla təltif olunub.
Bundan başqa, aparılan tədqiqatın nəticəsi 2023-cü ilin iyun ayında ABŞ-da keçirilən beynəlxalq “Genius Olympiad”da təqdim edilib. Təqdimat yüksək qiymətləndirilərək fəxri diplomla mükafatlandırılıb.