Təhsil Nazirliyi və “Clarivate Analytics” şirkətinin əməkdaşlıq perspektivləri müzakirə edilib
Bakı, 29 oktyabr, AZƏRTAC
Təhsil naziri Emin Əmrullayev ABŞ-ın “Clarivate Analytics” şirkətinin nümayəndə heyəti ilə onlayn formatda görüşüb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı “Clarivate Analytics” şirkəti ilə əlaqələrin cari vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə edilib. Qeyd edilib ki, 2018-ci ildən etibarən elmi-tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin artım dinamikasına görə Azərbaycanın Cənubi Qafqaz regionu ölkələri arasında ilk pillədə qərarlaşması təqdirəlayiq haldır.
Tərəflər ölkəmizin elmi-tədqiqat fəaliyyəti ilə bağlı digər keyfiyyət göstəricilərinin inkişaf etdirilməsinin vacibliyi ətrafında müzakirələr apararaq növbəti dövr ərzində qarşıya qoyulan hədəflər və bu istiqamətdə görüləcək işlər barədə razılığa gəliblər.
Görüşdə Təhsil naziri Emin Əmrullayev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı təcavüzü, müxtəlif şəhər və rayonlara raket zərbələri endirməsi nəticəsində 9 məktəblinin həlak olması, 16 məktəblinin xəsarət alması və 50-dək təhsil müəssisəsinə zərər dəyməsi ilə bağlı məlumat verib.