QAN YADDAŞI
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Bakı, 24 fevral (AZƏRTAC). Fevralın 24-də Xocalı faciəsinin 20-ci ildönümü münasibətilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) anım mərasimi keçirilmişdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, mərasimdə XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə TQDK-nın sədri Məleykə Abbaszadə çıxış edərək, Xocalı soyqırımının mahiyyətini açıqlamış və faciə qurbanları barədə məlumat vermişdir. M.Abbaszadə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən qətliamın ermənilər tərəfindən bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri olduğunu vurğulamışdır.
Daha sonra Komissiyanın əməkdaşları çıxış edərək, baş verən dəhşətlərdən sonra adı məhv olmuş şəhərlər siyahısına düşən Xocalının günahsız soydaşlarının aqibətindən danışmış, bu faciənin səbəbkarlarının ədalət mühakiməsi qarşısında cavab verəcəklərinə inamlarını ifadə etmişlər.