Tələbələr ailə dəyərləri və qarşılıqlı hörmət barədə məlumatlandırılıb
İsmayıllı, 1 oktyabr, Rəşad Türkoğlu, AZƏRTAC
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Möhkəm ailə münasibətlərinin əsası: gender bərabərliyi və qarşılıqlı hörmət” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Aydın Səmədov, İsmayıllı RİH-nin əməkdaşı Bəhruz Xələfov, Vətən müharibəsi şəhidi Fərid Əliyevin valideyni Hamlet Əliyev, kollecin müəllimlərindən Elşən Həsənov, həmçinin təhsil ocağının tələbələri iştirak ediblər.
Çıxışlarda Azərbaycanda ailə institutunun möhkəmlənməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və gənc nəslin sağlam ruhda tərbiyə olunması məsələlərinə diqqət çəkilib. Qeyd olunub ki, ailə münasibətləri xalqımızın ən dəyərli irsinin mühüm hissəsidir və əsrlər boyu milli varlığımızı qoruyan, bütövlüyümüzü saxlayan əsas dayaqlardan biri olub.
Şəhid valideyni Hamlet Əliyev isə çıxışında ailə dəyərlərinin həm də Vətənə sədaqət, milli ruhun qorunması və gənclərin vətənpərvərlik ruhunda böyüməsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbirin sonunda tələbələr ailə münasibətlərinin möhkəmləndirilməsi, gənclərin düzgün tərbiyəsi və gender bərabərliyi ilə bağlı fikir və suallarını bölüşüblər.