MƏDƏNİYYƏT
TƏNQİDÇİ-ALİMİN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ YIĞINCAQ KEÇİRİLMİŞDİR
Universitetdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə yığıncağı açaraq yubilyarın 30 illik yaradıcılıq yolundan danışmışdır. O, bildirmişdir ki, ədəbi ictimaiyyət A.Rüstəmlini istedadlı tənqidçi, tədqiqatçı, ədəbiyyatşünas alim kimi artıq qəbul etmişdir. “Tufanlardan keçən ömür”, “Susmaz duyğuların səltənətində”, “Çırpınmada Qara dəniz” monoqrafiyaları mütəxəssislər və oxucular tərəfindən maraqla qarşılanmışdır.
150-dən artıq ədəbi-tənqidi və publisist məqalənin müəllifi olan alimin öz elmi əsərləri üzərində işlərkən daha çox ilk mənbələrə müraciət etdiyini və tədqiqatçı üçün bunu başlıca keyfiyyət sayan natiq A.Rüstəmlinin Cəfər Cabbarlının həyat və yaradıcılığı ilə bağlı tədqiqatlarını yüksək dəyərləndirmişdir.
Tədbirdə çıxış edən digər natiqlər müxtəlif beynəlxalq konfranslarda, simpoziumlarda ölkəmizi layiqincə təmsil edən yubilyarın həm də sənədli televiziya filmlərinin ssenari müəllifi kimi fəaliyyətindən danışmışlar. Onun ümummilli liderimiz Heydər Əliyevə həsr etdiyi və 2003-cü ilin martında efirə getmiş “Günəş Şərqdən doğur” ssenarisi əsasında çəkilmiş filmin maraqla qarşılandığı qeyd olunmuşdur.
Axırda Asif Rüstəmli tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.