TƏRƏFLƏR ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIRLAR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə səfir Manuel De La Kamara ölkəmizdə işlədiyi müddətdə ona göstərilmiş köməyə və səmərəli əməkdaşlığa görə Azərbaycan tərəfinə minnətdarlığını bildirmiş, İspaniya ilə Azərbaycan arasındakı
münasibətlərin daha da möhkəmlənəcəyinə və qarşılıqlı surətdə səmərəli əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu vurğulamışdır. Azərbaycanın Avropa qonşuluq siyasətinə cəlb olunmasını yüksək qiymətləndirən diplomat, İspaniyanın Avropa Birliyinin üzvü kimi, ölkəmizin bu təşkilatla əməkdaşlığına maraqlı olduğunu bildirmişdir. Səfir ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasında geniş iqtisadi potensial olduğunu diqqətə çatdıraraq, sərmayələrin qorunması və təşviqi, ikiqat verginin aradan qaldırılması ilə bağlı sənədlərin hazırlanmasının vacibliyini qeyd etmişdir. O, cari ildə bir qrup ispan iş adamının Azərbaycana səfər edəcəyini Elmar Məmmədyarovun diqqətinə çatdırmışdır.
Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında əlaqələrin və səmərəli əməkdaşlığın inkişafında səfirin rolunu yüksək qiymətləndirmiş, münasibətlərimizin davam etdirilməsinə və möhkəmlənməsinə tərəfdar olduğunu bildirmişdir. Nazir, respublikamızın Avro-Atlantik strukturlarına inteqrasiya etdiyini vurğulamış, NATO-nun İstanbul sammiti və Brüsseldə keçirilmiş Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində aparılan müzakirələrin ölkəmizin bu təşkilatla əməkdaşlıq səviyyəsinin genişlənməsi üçün uğurlu olduğunu diqqətə çatdırmışdır.
Görüşdə nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərlə bağlı səfirə ətraflı məlumat vermiş, ona bundan sonrakı fəaliyyətində uğurlar arzulamışdır.