Tərtər Bölgə Təcrübə Stansiyasının əkin sahələrində becərilmiş toxumluq taxılın biçininə başlanılıb FOTOLENT
Tərtər, 22 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Ərzaq təhlükəsizliyinin təmin edilməsində kənd təsərrüfatının əsas prioritet istiqamətlərindən biri olan taxılçılıq mühüm əhəmiyyət kəsb edir. Taxıl istehsalının artırılmasına daha məhsuldar və xəstəliklərə davamlı sortların yaradılması, yüksək reproduksiyalı taxıl toxumlarının istehsalı, intensiv becərmə texnologiyasının tətbiqi ilə nail olmaq mümkündür. Bu baxımdan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasının fəaliyyəti tədqirəlayiqdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bir neçə gündür Tərtər Bölgə Təcrübə Stansiyasının əkin sahələrində becərilmiş taxılın biçininə başlanılıb. Bölgə Təcrübə Stansiyasının direktoru Həqiqət Həşimova ilə elə biçin aparılan zəmidə həmsöhbət olduq. H.Həşimova Bölgə Təcrübə Stansiyasının fəaliyyəti, becərilən taxıl sortları barədə məlumat verdi. Bildirdi ki, hazırda stansiyada dənli bitkilərin seleksiyası, toxumçuluq və becərmə texnologiyası istiqamətlərində üç şöbə fəaliyyət göstərir. Stansiyanın fəaliyyətinin məqsədi Qarabağın suvarma zonası üçün yüksək məhsuldar, yatmaya və xəstəliyə davamlı sortların yaradılması və yüksək reproduksiyalı toxum istehsalıdır.
Respublikada əkilib-becərilən yumşaq buğdanın “Qırmızı gül”, "Qobustan", "Fatimə", "Şəfəq-2", "Mətin", "Əsgəran", "Xəzri", "Murov-2", arpanın “Qarabağ-22”, “Qarabağ-33”, "Günəş" sortları Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun əməkdaşlarının iştirakı ilə Tərtər Bölgə Təcrübə Stansiyasında yaradılaraq həyata vəsiqə alıb.
Stansiyanın becərmə texnologiyası şöbəsində yeni yaradılmış perspektiv sortların aqrotexnikası öyrənilir.
Toxumçuluq şöbəsində buğdanın 8, arpanın isə 4 sortunun elmi əsaslarla toxumçuluğu ilə məşğul olunur. Hər il burada 450-500 ton yüksək reproduksiyalı super elit və elit toxumları istehsal edilir.
2020-ci ilin məhsulu üçün 235,5 hektarda toxumluq arpa və buğda sortları əkilib. Hazırda taxıl biçini davam edir. Hər hektarın orta məhsuldarlığı 40 sentnerdir. Taxıl sortlarından asılı olaraq digər sahələrdə məhsuldarlığın 45 sentner olacağı gözlənilir. Ümumilikdə isə bu il min tona yaxın məhsul tədarükü proqnozlaşdırılır.
Taxıl biçini başa çatdıqdan sonra buğda və arpa sortlarının təmizlənməsi həyata keçiriləcək. İstehsal olunmuş toxumlar Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında respublikada fəaliyyət göstərən dövlət və özəl toxumçuluq təsərrüfatlarına, həmçinin fermerlərə veriləcək.