Tərtərdə şəhid ailələri və Vətən müharibəsi iştirakçılarına orden və medallar təqdim olunub
Tərtər, 27 iyun, AZƏRTAC
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş tərtərli igidlərin ailələrinə və Vətən müharibəsi iştirakçılarına orden və medalların təqdimetmə mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, qazilər, Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlər abidə kompleksi ziyarət edilib, abidə önünə gül dəstələri düzülüb. Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında davam edən tədbirdə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə şəhidlərimizin döyüş yoluna nəzər salınıb, onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqları bildirilib. Qeyd edilib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet məsələlərindəndir.
Tədbirdə ölkəmizdə ordu quruculuğu sahəsində aparılan islahatlardan bəhs edilib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin ordu quruculuğu siyasəti Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz gücünü Vətən müharibəsində bir daha ortaya qoydu. Müzəffər Ali Baş Komandan və şanlı Azərbaycan Ordusu tarixi qələbə ilə Azərbaycan tarixində yeni səhifə açdılar. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə bizim milli qürur mənbəyimiz, çox şərəfli tariximizdir. Bu zəfəri xalqımıza yaşadan Müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusudur.
Tədbirdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə təltif olunmuş 37 tərtərli şəhidin orden və medalları ailə üzvlərinə, 14 nəfər müharibə iştirakçısı və qazilərimizin orden və medalları isə özlərinə təqdim olunub.
Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.