TƏRTƏRLİLƏRİN GÖRƏCƏKLƏRİ İŞLƏR DAHA ÇOXDUR
Yığıncaq iştirakçıları əvvəlcə şəhərin mərkəzində ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə əklil, gül-çiçək dəstələri qoymuş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Vidadi İsayev ötən il ölkədə sosial-iqtisadi sahələrdə qazanılmış nailiyyətləri, o cümlədən yoxsulluğun azaldılması, regionların, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, iqtisadi islahatların müvəffəqiyyətlə həyata keçirilməsi, yeni iş yerlərinin yaradılması, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində atılmış uğurlu addımları xatırlatdıqdan sonra bilavasitə Tərtərdə görülmüş işlərdən danışmışdır. Natiq qeyd etmişdir ki, 2005-ci ildə rayonun sosial-iqtisadi həyatında bir sıra müsbət nəticələr əldə edilmiş, regionların inkişafı ilə bağlı Dövlət Proqramından irəli gələn vəzifələr, ümumən, yerinə yetirilmiş, tikinti-abadlıq, quruculuq işləri genişləndirilmiş, aqrar islahatlar uğurla aparılmış, yeni iş yerləri yaradılmışdır. Ötən il rayonda 10 min ton pambıq, 10 min tondan çox meyvə-tərəvəz, 11 min tondan artıq bostan məhsulları istehsal edilmişdir. Şəhərdə ilk tikinti-abadlıq işləri ulu öndər Heydər Əliyevin adını daşıyan prospektdən başlamışdır. 4 kilometrə yaxın olan prospekt az vaxtda öz görkəmini büsbütün dəyişmişdir. Burada dahi şəxsiyyətin əzəmətli heykəli ucaldılmış, prospekt boyunca 755 sərv, 260 palma, 8 min həmişəyaşıl ağac əkilmişdir. Şəhərin bütün küçələri abadlaşdırılmış, 480 metrlik kanalizasiya xətti çəkilmiş, 5 fontan tikilmiş, rayonda 90-dək artezian bərpa olunmuşdur. Təkcə son dövrdə görülən işlərə təxminən 12 milyard manat (köhnə pulla) vəsait xərclənmişdir.
Hesabat dövründə təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin şəbəkəsi genişlənmiş, əhaliyə göstərilən məişət, ticarət, ictimai iaşə xidmətinin səviyyəsi xeyli yüksəlmişdir. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində Düyərli və Sarıcalı kəndlərinin hər birində 100 yerlik məktəb binası tikilib istifadəyə verilmiş, həmin məktəblər 40 milyon manatlıq avadanlıqla təchiz olunmuşdur. Ələsgərli və Poladlı kənd məktəbləri isə əsaslı təmir olunmuşdur.
Müzakirələrdə rayon təhsil şöbəsinin müdiri Fazil Müseyibov, rayon paylayıcı elektrik şəbəkəsinin rəisi Rza Səmədov, maliyyə şöbəsinin müdiri Zahid Təhməzov, qaz idarəsinin rəisi Azər Əliyev, “Tərtər” qəzetinin redaktoru Tofiq Hüseynov, rayon prokuroru Seyidəli Mejdunov, əməkdar müəllim Oqtay Həsənov və başqaları çıxış etmişlər.
Respublikanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev müşavirədə çıxış etmiş, qarşıda duran təxirəsalınmaz vəzifələrdən danışmışdır.
Yığıncaq iştirakçıları adından ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Müşavirənin işində Prezidentin İcra Aparatının məsul işçisi Nurəddin Hüseynov, Milli Məclisin deputatı Aynur Quliyeva iştirak etmişlər.