CƏMİYYƏT
Texas Universitetinin professoru: Azərbaycanlı alimlərin forumunun elmin inkişafına töhfə verəcəyinə inanıram
Bakı, 11 sentyabr, Səadət Hakıyeva, AZƏRTAC
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun təşkili çox mühüm təşəbbüsdür. Dünyanın müxtəlif ölkələrindən 80-dən çox alimi bir araya toplamaq böyük hadisədir. Düşünürəm ki, bu Forum bir başlanğıcdır. Hər bir şeyin başlanğıcı və inkişafı var. Bu mənada, Forumun da elmin inkişafına töhfəsini verəcəyinə inanıram. Tədbirdə biz həmkarlarımızla səmimi söhbət əsnasında fikir mübadilələri apardıq, təkliflərimizi bildirdik, Azərbaycan elminə və təhsilinə hansı töhfələr verə biləcəyimizi müzakirə etdik. Bu Forumdan, burada aparılan müzakirələrdən müsbət nəticələr gözləyirik.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçısı, Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və sədri, tanınmış orqan ifaçısı, Texas Universitetinin professoru Cəmilə Cavadova-Spitsberq söyləyib.
2017-ci ildə yaradılan Azərbaycan-Amerika Musiqi Fondunun təsisçilərindən biri olduğunu bildirən peşəkar musiqiçi fondun ölkəmizdə, həmçinin ABŞ-da Azərbaycan klassik musiqisinin tərənnüm və tədris olunması ilə bağlı tərəfdaşlıq proqramları hazırladığını, eləcə də konsert, konfrans, ustad dərsləri təşkil etdiyini diqqətə çatdırıb.
C.Cavadova-Spitsberq 2020-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Musiqili körpü” və digər layihələr həyata keçirdiyini söyləyib. Layihələri ilə əlaqədar tez-tez ölkəmizdə olduğunu deyən musiqiçi bildirib ki, onun təşkilatı Texas ştatında yaşayan azərbaycanəsilli tanınmış dirijor Fərhad Xudiyevin Azərbaycana səfərini təşkil edib. Konsertdə tanınmış dirijorun Azərbaycan Dövlət Simfonik Orkestrinə rəhbərliyi ilə Amerika bəstəkarlarının əsərləri səsləndirilib.
2023-cü ilin oktyabrında Texas ştatının Kerrolton şəhərində “Texaslılar minasız dünya üçün: Azərbaycan” layihəsi çərçivəsində keçirilən tədbirin təşkilatçısı olduğunu da diqqətə çatdıran qonaq vurğulayıb: “Bizim fəaliyyətimizin istiqamətlərindən biri də Azərbaycan ilə ABŞ arasında mədəni körpülərin qurulmasıdır”.
Anasının şuşalı olduğunu deyən tanınmış musiqişünas qeyd edib: “Dörd il Ağdam musiqi məktəbində dərs demişəm. O torpaq mənə daha çox doğmadır. 2022-ci il aprelin 22-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V Qurultayında iştirak etmişəm. Həmin il Azərbaycan Prezidentinin imzaladığı Sərəncamla “Tərəqqi” medalına layiq görülmüşəm. Bu, mənim üçün fəxrdir. Forum çərçivəsində Xankəndidə, Şuşada olmaq, Qarabağ Universiteti ilə tanışlıq ürəyimcədir. Xaricdə işləyən və hazırda Qarabağ Universitetində çalışmağa qərar verən tanışlarım var. Mən də öz növbəmdə Qarabağ Universitetinə kömək etməyə hazıram”.