Texnobloger: Platformalar yeniyetmələr üçün xüsusi təhlükəsizlik tədbirlərini tətbiq etməlidir
Bakı, 9 iyun, AZƏRTAC
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna təklif edilən yeni dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, bir sıra sosial şəbəkələrdə uşaqların və yeniyetmələrin qorunması üçün yeni qaydalar tətbiq olunur və bu qaydaları pozan platformalara böyük cərimələr təyin ediləcək. Dəyişikliklərə əsasən, ilk növbədə sosial şəbəkələr dövlətin sorğularına cavab verməlidir. Əgər dövlətin müəyyən etdiyi qurum sosial şəbəkədən məlumat istəsə və həmin platforma məlumat verməsə və yaxud məlumatı gecikdirsə, eləcə də yarımçıq, yanlış məlumat versə, platforma böyük məbləğdə cərimə oluna bilər.
Bunu AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, texnobloger Fərid Pərdəşünas deyib.
Onun sözlərinə görə, yaş yoxlaması platformalar üçün məcburi olacaq, yəni sosial şəbəkələr istifadəçinin yaşını müəyyən etmək üçün texniki üsullar tətbiq etməlidir: “Bu nəzəri olaraq o deməkdir ki, uşaq özünü böyük kimi göstərə bilməməlidir, platforma yaşın düzgün olub-olmadığını yoxlamalıdır. Hazırda sosial şəbəkələrdə məntiq belədir ki, bu məqam istifadəçinin öz səmimiyyətinə nəzərən qiymətləndirilir. Yəni uşaq 13 yaşındadırsa, özünü 20 yaşında göstərə bilər. Bunu təsdiqləyən heç bir nümunə göndərilmir və heç bir təsdiqləmədən keçmir. Yeni qanunda, eyni zamanda, 16-18 yaşlı istifadəçilər üçün əlavə qorunma da tələb olunacaq. Platformalar yeniyetmələr üçün xüsusi təhlükəsizlik tədbirlərini tətbiq etməlidir. Məsələn, təhlükəli şəxslərdən qoruma, zərərli məzmunun məhdudlaşdırılması, məxfilik parametrlərinin gücləndirilməsi kimi. Bundan əlavə, zərərli məzmunlar tez silinməlidir. Əgər bu qrup şəxsin sağlamlığına, psixologiyasına, təhlükəsizliyinə, cinsi toxunulmazlığına təhlükə yaradan məzmun aşkarlanarsa, platforma dərhal onu müəyyən etməli və ən geci 24 saat ərzində yayılmasının qarşısını almalıdır. Eyni zamanda, uşaqların məlumatlarından reklam üçün istifadə etmək də qadağandır”.
Texnobloger qeyd edib ki, təklif edilən dəyişikliklər son zamanlar Avropada və Türkiyədə qəbul olunan qanunlara çox yaxındır: “Çünki uşaqların sosial şəbəkədən istifadəsinin məhdudlaşdırılması son zamanlar gündəmdə və trend olan bir məsələdir. Bu yolla da sosial medianın zərərli tərəflərindən uşaqlar qorunurlar. Artıq Azərbaycanda da bununla bağlı qanunverici baza işlənib hazırlanıb və Milli Məclisə təqdim olunub. Hesab edirəm ki, yaxın müddətdə bu qanun layihəsi qəbul olunacaq. Əsas məsələ isə işin icra tərəfi ilə bağlıdır. Sosial media şirkətlərinin yeni dəyişikliklərlə necə uzlaşacağı isə əsas məsələlərdən biridir”.