TEXNOLOJİ PROSESLƏRİN TƏKMİLLƏŞDİRİLMƏSİ YÜKSƏK SƏMƏRƏ VERİR
“Azərneftyanacaq” İstehsalat Birliyində son vaxtlar bir neçə texniki və texnoloji yeniliyin tətbiqi nəticəsində müəssisədə külli miqdarda iqtisadi səmərə əldə etmişdir. Birliyin Baş direktoru Zakir Seyidov AZƏRTAC-a bildirmişdir:
- Yeniliklər çoxdur. Mən bunlardan bir neçəsini sizin nəzərinizə çatdırmaq istəyirəm. Müəssisənin mühəndis-texniki işçiləri yeni texnoloji sxem işləyib hazırlamış və neftin ilkin emal edildiyi ELOU-AVT-6 qurğusunda tətbiq etmişlər. Bu, proses zamanı qurğuda yanacaq sərfini 5 faiz azaltmağa, ildə 13-15 min ton şərti yanacağa qənaət etməyə və beləliklə, istehsal olunan məhsulun maya dəyərini 1 milyard manat 620 milyon aşağı salmağa imkan yaratmışdır.
Başqa bir yenilik də ondan ibarətdir ki, əgər biz əvvəllər neftin ilkin emalı qurğusunda R-2 sobasından benzini katolitik riforminq prosesi üçün yararlı hala salmaq üçün istifadə edirdiksə, bu gün buna ehtiyac yoxdur. İndi həmin sobada saatda 30 ton su buxarı istehsal etmək mümkündür. Müəssisəmiz artıq kənardan su buxarı almır. Beləliklə, birlik məhsul istehsalına çəkilən məsrəfləri ildə 9 milyard 263 milyon manat aşağı salmışdır.
İstehsalat birliyində istismar müddəti başa çatmış katalizatorun yenisi ilə əvəz olunması avtomobil benzininin keyfiyyətini xeyli artırmağa, onun oktan ədədini 100-ə çatdırmağa imkan vermişdir. Bu il ilk dəfə olaraq müəssisəmiz xarici ölkələrə Aİ-95 markalı 1200 ton benzin göndərmişdir.
Qurğularda texnoloji proseslərin normal rejimdə aparılması dövretmə sistemində su sərfini iki dəfəyə qədər azaltmağa imkan yaratmışdır.
İstehsalat birliyində dizel yanacağını təmizləyən yeni qurğunun işə salınması, müəssisəmizdə son vaxtlar baş vermiş əsas yeniliklərdən biridir. Burada istehsalat tullantılarından naften turşuları hazırlayan qurğu da işə salınmışdır. Beləliklə, ildə 17 min ton qələvi tullantısının dənizə axıdılmasının qarşısı alınmışdır.
Həyata keçirdiyimiz texniki-texnoloji tədbirlər ilin əvvəlindən indiyədək istehsalat birliyində nəzərdə tutulduğundan 30,8 min ton çox xam neft emal etməyə, 171 milyard manat mənfəət əldə etməyə imkan yaratmışdır.