CƏMİYYƏT
Təzəpir və İlahiyyat məscidlərinin din xadimləri ilə görüş olub
Bakı, 4 sentyabr, AZƏRTAC
Sentyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Təzəpir və İlahiyyat məscidlərini ziyarət edib, burada fəaliyyət göstərən din xadimləri ilə görüşüb
Dövlət komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsindən danışan R.Məmmədov Azərbaycan dövlətinin minillikləri əhatə edən tarixə malik mütərəqqi ənənələrimizi layiqincə yaşatdığını, cəmiyyətimizdə dini-mənəvi dəyərlərin möhkəmləndirilməsinə xüsusi diqqət və qayğı ilə yanaşdığını söyləyib.
Dini etiqad azadlığının ən yüksək səviyyədə təmin olunmasını qeyd edən Ramin Məmmədov vurğulayıb ki, Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoq üçün də mühüm mərkəzə çevrilib.
O deyib ki, bəşəriyyətin mədəni irsinin qorunmasına, mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfələr verən, insanları mərhəmətə, qarşılıqlı köməyə, sülhə çağıran Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətdə təşəbbüsləri dünyada yüksək qiymətləndirilir.
Ölkəmizdə dövlət-din münasibətlərinin inkişafı istiqamətində görülən işlərin böyük əhəmiyyətə malik olduğunu bildirən din xadimləri xalqımıza xas mənəvi dəyərlərin təbliğində fəal iştirak etməyə hazır olduqlarını, ölkədə dini etiqad azadlığının yüksək səviyyədə təmin olunmasından, din xadimlərinin dövlətin qayğısı ilə əhatə edilməsindən məmnunluqlarını bildiriblər.
Görüşdə, həmçinin din xadimlərinin təklifləri dinlənilib, dini sahə ilə bağlı gələcəkdə görüləcək işlərə dair fikir mübadiləsi aparılıb.