“The Washington Post” qəzeti prezidentlərin Soçidə gorüşü ilə bağlı məqalə dərc edib
Vaşinqton, 10 avqust (AZƏRTAC). ABŞ-ın nüfuzlu “The Washington Post” qəzetində “Putin Dağlıq Qarabağ məsələsi ilə bağlı dövlət başçıları ilə görüşüb” sərlövhəli məqalə dərc olunub.
Məqalədə deyilir ki, Rusiya Prezidenti Vladimir Putin cəbhə xəttində gərginliyin artdığı bir vaxtda Azərbaycanın və Ermənistanın dövlət başçıları ilə təkbətək görüşlər keçirib.
Yazıda Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu vurğulanır və qeyd edilir ki, 1994-cü ildə atəşkəs haqqında razılaşma imzalandığı gündən bu region və bəzi ətraf ərazilər Ermənistan silahlı qüvvələrinin nəzarəti altındadır. ATƏT-in vasitəçiliyi ilə diplomatların münaqişənin nizamlanması istiqamətindəki səyləri nəticəsiz qalıb.
Xatırladaq ki, son günlər Ermənistan silahlı qüvvələrinin cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozması nəticəsində təmas xəttində vəziyyət gərgin olaraq qalır. Ermənistan BMT Təhlükəsizlik Şurasının Azərbaycanın zəbt olunmuş ərazilərinin dərhal və qeyd-şərtsiz boşaldılmasını tələb edən 822, 853, 874 və 884 qətnamələrinin tələblərinə məhəl qoymayaraq iyirmi ildən çoxdur ki, torpaqlarımızın 20 faizini, o cümlədən Dağlıq Qarabağ regionunu işğal altında saxlamaqda davam edir.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: http://www.washingtonpost.com/world/europe/putin-meets-leaders-over-nagorno-karabakh/2014/08/09/fb1caf0c-1fd6-11e4-9b6c-12e30cbe86a3_story.html
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton