CƏMİYYƏT
Tibb müəssisələrinə 54 milyon manatdan çox məbləğdə avadanlıqlar alınıb
Bakı, 20 dekabr, AZƏRTAC
“TƏBİB-in tabeli tibb müəssisələrində maddi-texniki bazanın yenilənməsi prosesi davam etdirilir. Keyfiyyətli və müasir tendensiyalarla ayaqlaşmaq üçün tibbi xidmətin əsasında maddi-texniki bazanın mövcudluğu çox önəmli faktordur. İnstrumental müayinələrin aparılması, mürəkkəb cərrahi prosedurların icrası üçün 2022-2023-cü illər ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinə 54 milyon manatdan çox məbləğdə avadanlıqlar alınıb”.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 5 illik fəaliyyətinə həsr olunan hesabat tədbirində deyib.
Hazırda TƏBİB-in tabeliyində ümumilikdə 3 min 46 tibb müəssisəsinin fəaliyyət göstərdiyini, onlardan da 2 min 834-nün ilkin səhiyyə xidməti, 202-nin ixtisaslı, 10-nun isə respublika təyinatlı tibb müəssisələri olduğunu qeyd edən V.Qurbanov tibb müəssisələrində laboratoriyaların yenilənməsi haqqında da məlumat verib: “Həyata keçirilən “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində TƏBİB-in tabeliyində fəaliyyət göstərən 78 tibb müəssisəsinin laboratoriyaları tamamilə yenilənib”.