Tibb müəssisəsində rentgen-müayinə fəaliyyəti çatışmazlıqlarla əlaqədar olaraq dayandırılıb
Bakı, 14 dekabr, AZƏRTAC
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında rentgen kabinetinin fəaliyyəti dayandırılıb.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə Agentliklə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs arasında əməkdaşlıq zəminində “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin müraciəti əsasında rentgen kabinetində keçirilmiş yoxlama tədbirləri zamanı radiasiya təhlükəsizliyi tələblərinin pozulmasına dair faktlar, o cümlədən ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarı üçün tələb olunan müvafiq icazənin olmadığı aşkarlanıb.
Aşkarlanmış pozuntularla əlaqədar Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində həmin tibb müəssisəsində rentgen kabinetinin fəaliyyəti dayandırılıb.