TİKİNTİYƏ 800 MİLYON DOLLAR XƏRCLƏNMİŞDİR
bp-dən AZƏRTAC-a bildirmişlər ki, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Gürcüstan hissəsinin inşasına 800 milyon dollar vəsait xərclənmişdir. Boru kəmərinin çəkilişi başa çatdıqdan sonra torpaq əvvəlki vəziyyətinə gətirilmişdir. Kəmərin Gürcüstan hissəsinin uzunluğu 249 kilometr, borunun diametri 42 düymdür. Kəmər Gürcüstanın yeddi rayonundan keçir. Onun keçdiyi ən yüksək ərazinin hündürlüyü 2 min 400 metrdir. Neft Gürcüstanda iki nasos stansiyasından keçir: onlardan biri Qardabanidə, digəri isə Tetriskarodadır.
BTC-yə paralel tikinti dəhlizi ilə çəkilən Cənubi Qafqaz qaz boru kəməri (CQBK) isə “Şahdəniz” qazını Xəzərdən Gürcüstana və Türkiyəyə daşıyacaqdır. Hazırda kəmərin tikintisinin 60 faizi başa çatdırılmışdır və ilk qazın nəqlinə 2006-cı ilin qışında başlamaq nəzərdə tutulmuşdur.