TORPAQLARIN MELİORATİV CƏHƏTDƏN YAXŞILAŞDIRILMASI KƏND TƏSƏRRÜFATI İSTEHSALINDA MÜHÜM AMİLDİR
Meliorasiya və Su Təsərrüfatı Komitəsi sədrinin vəzifəsini icra edən Əhməd Əhmədzadə AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması kənd təsərrüfatı istehsalında mühüm amildir. Hazırda ölkəmizin 8,5 milyon hektarlıq ümumi torpaq fondunun 1,5 milyon hektarı bilavasitə əkin üçün istifadə olunur. Azərbaycanda, xüsusilə Şirvan zonasında, az miqdarda Muğan, Aşağı Qarabağda şoranlaşma həmişə olmuşdur. Bunun qarşısını almaq üçün hələ sovet dövründə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 600 min hektar sahədə kompleks meliorasiya işləri aparılmışdır. Ümumiyyətlə, Azərbaycanda meliorasiya sisteminin yaradılması ulu öndərimizin adı ilə bağlıdır. Hakimiyyətə ikinci qayıdışından sonra ümummilli liderimiz bu sahəni də xilas etdi, qoruyub xalqın istifadəsində saxladı.
Torpağın şoranlaşmasının əsas səbəbi, suvarmanın düzgün aparılmamasıdır. Əvvəllər ildə təxminən 100-150 min hektar torpaq yuyulardı. Torpaqlar özəlləşdirildiyi, sudan istifadə ödənişli olduğu üçün hazırda fermerlər sudan, qənaətlə istifadə edirlər. İndi, əslində, meliorasiya işlərini torpaq sahiblərinin özləri görməlidirlər. Buna baxmayaraq, dövlət həmin işi öz nəzarətində saxlayır, şoranlaşmanın qarşısını almaq, torpaq sularının səviyyəsini aşağı salmaqdan ötrü tədbirlər görür. Ötən il 70 min hektara yaxın torpaq yuyulmuşdur. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramı melioratorlar qarşısında çox məsuliyyətli vəzifələr qoymuşdur. Belə ki, minlərlə hektar torpaq sahəsini meliorativ cəhətdən yaxşılaşdırmalı, suvarma-drenaj şəbəkələrini, hidroqovşaqları bərpa etməli, daşqınların qarşısını almaq məqsədi ilə dağ çaylarında sahilbərkitmə və mühafizə işləri görməli, torpaq sularının səviyyəsini aşağı salmalı, çayların suvarma imkanlarını genişləndirməliyik. Melioratorlar bütün bu işlərin öhdəsindən gəlmək əzmindədirlər. Əlbəttə, çətinliklərimiz də vardır. Bunlar vaxtilə kolxoz-sovxozların tabeliyində olub sonradan bizim balansımıza keçən təsərrüfatdaxili şəbəkələrlə bağlıdır. Onların əksəriyyəti illər boyu baxımsız qalıb. Vəsait çatışmadığına görə hələlik ildə onların yalnız 5-10 faizini istifadəyə qaytarmaq mümkün olur.