CƏMİYYƏT
Tovuz rayonunda keçirilmiş konfransda Ümummilli Liderin prokurorluq orqanlarına qayğısından danışılıb
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq oktyabrın 13-də Tovuz rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransda Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Şəmkir rayon və Şəmkir hərbi prokurorluqlarının əməkdaşları, hüquq-mühafizə və digər dövlət hakimiyyət orqanlarının nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq unudulmaz xatirəsini ehtiramla anıblar.
Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Tovuz rayon prokuroru Maarif Hüseynov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə çıxış edib.
Daha sonra Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Şəmkir rayon prokuroru Azər Hətəmov, Qazax rayon prokuroru Rauf Gözəlov, Ağstafa rayon prokuroru Anar Cəfərov, Gədəbəy rayon prokuroru Əli Babayev və YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahovun Ümummilli Liderin dövlətçiliyin qorunması, iqtisadiyyatın inkişafı, prokurorluq orqanlarına qayğısı, gənclər siyasəti, respublikamıza, xüsusilə Tovuz rayonuna diqqət və qayğısı barəsində çıxışları dinlənilib.
Konfrans iştirakçıları Baş Prokurorluğun təşəbbüsü ilə ərsəyə gəlmiş Ümummilli Liderin xatirəsinə həsr olunan “Böyük şəxsiyyət...3 ştrixdə” adlı sənədli filmə baxıblar.