TOVUZDA BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Tovuz Rayon İcra Hakimiyyətinin iclas zalında 5 mart - Bədən Tərbiyəsi və İdman günü münasibətilə tədbir keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Tovuz şəhərinin mərkəzindəki abidəsi önünə əklil və tər çiçək dəstələri qoymuş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Sonra rayon gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərov məruzə ilə çıxış etmişdir. Məruzəçi ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə idmanın inkişafına diqqət və qayğının daha da artırılmasından konkret faktlar əsasında danışmışdır. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılmasını, bədən tərbiyəsi və idmana aid qanunun qəbulunu bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd etmişdir. Natiq Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin siyasətini idman sahəsində də uğurla davam etdirdiyini diqqətə çatdırmışdır.
Dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin təşəbbüsü ilə regionlarda olimpiya idman komplekslərinin istifadəyə verilməsi, idmanın ayrı-ayrı növləri üzrə dünya və Avropa birinciliklərinə respublikamızın ev sahibliyi etməsi xüsusi vurğulanmışdır.
Bildirilmişdir ki, dövlətin bu sahəyə diqqət və qayğısı tovuzlu gəncləri daha da ruhlandırmış, ötən il rayonun idmançıları Turxan Məmmədov Macarıstanda keçirilən taekvondo üzrə Avropa çempionatında, Turan Axundov İranda təşkil olunan taekvondo üzrə beynəlxalq turnirdə, Vüsal Əyyubov isə boks üzrə respublika birinciliyində fərqlənmişlər.
Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov idmançıları 5 mart - Bədən Tərbiyəsi və İdman günü münasibətilə təbrik etmiş, onlara uğurlar arzulamışdır.
Axırda bir qrup idmançıya rayon icra hakimiyyəti adından fəxri fərman və qiymətli hədiyyələr verilmişdir.