TUNİSDƏ İNFORMASİYA CƏMİYYƏTİ ÜZRƏ DÜNYA SAMMİTİ KEÇİRİLƏCƏK
BMT-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, zirvə görüşündə İCDS-nin 2003-cü ildə Cenevrədə keçirilmiş birinci mərhələsində qarşıya qoyulan vəzifələrin icrası, 175 ölkənin nümayəndələrinin təsdiq etdikləri Prinsiplər Bəyannaməsi və informasiya-kommunikasiya texnologiyalarına çıxışı yaxınlaşdırmaq istiqamətində konkret işləri müəyyənləşdirən Fəaliyyət Planı müzakirə ediləcəkdir. Fəaliyyət Planında elektron kontentin (məzmun) yaradılması, inkişaf etdirilməsi, internet vasitəsilə dünyanın bütün dillərindən istifadə olunması məsələləri də nəzərdə tutulmuşdur.
2015-ci ilədək həyata keçirilməsi nəzərdə tutulan tədbirlərə kəndlər, icma mərkəzləri, məktəb və universitetlər, tədqiqat mərkəzləri, kitabxanalar, səhiyyə ocaqları, xəstəxanalar, habelə yerli və mərkəzi hökumət idarələri arasında əlaqələrin yaradılması daxildir.
On iki minədək iştirakçının qatılacağı zirvə görüşünün əsas vəzifələrdən biri inkişaf etməkdə olan ölkələrin internetə çıxışı və İKT-lərdən faydalanması üçün yeni yollar axtarmaqdır. Tədbirdə BMT-nin baş katibi Kofi Annan, 45-dən çox ölkənin dövlət və hökumət başçıları, 200-dək şirkətin nümayəndələri iştirak edəcəklər.