Turin derbisində qalib müəyyənləşməyib
Bakı, 4 may, Nicat Məmmədov, AZƏRTAC
Futbol üzrə İtaliya A Seriyasının 35-ci turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış görüşündə Turin şəhərinin iki təmsilçisi “Yuventus” və “Torino” üz-üzə gəlib.
“Alyans” stadionunda keçirilən qarşılaşmada matçın 18-ci dəqiqəsində “Torino”nun yarımmüdafiəçisi Saşa Lukiç fərqlənib. “Yuventus” məğlubiyyətdən oyunun 84-cü dəqiqəsində Kriştiano Ronaldonun başla vurduğu qol sayəsində yaxa qurtara bilib.
Artıq çempionluğu özünə təmin etmiş “Yuventus” bu heç-heçədən sonra xal ehtiyatını 89-a çatdırıb, “Torino” 57 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Eyni zamanda, Kriştiano Ronaldo İtaliya A Seriyasında vurduğu qolların sayını 21-ə çatdıraraq, bombardirlər yarışında 2 və 3-cü pillədə gedən Duvan Sapata və Kşiştof Piyontek ilə top sayını eyniləşdirib. Siyahıya 23 qolla Fabio Kualyarella başçılıq edir.