Türk dünyasının geoiqtisadi interaktiv xəritəsi hazırlanır
Bakı, 6 oktyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı ABŞ-ın Ətraf Mühit Sistemləri Tədqiqat İnstitutunun (ESRİ - Environmental Systems Research Institute) beynəlxalq strategiyalar üzrə direktoru Sohail Elabd və qurumun qrup rəhbəri Əhməd Avadi ilə görüşüb.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, V.Qasımlı təmsil etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə qonaqlara məlumat verib. Görüşdə, həmçinin ESRİ-nin əsas fəaliyyət istiqaməti olan coğrafi informasiya sistemlərinin (CİS) sənayedə və iqtisadiyyatın digər sahələrində tətbiqi imkanları müzakirə edilib. İqtisadi təhlil, ssenari modelləşdirmə və uzunmüddətli proqnozlaşdırma üçün CİS-dən faydalanma yolları və ondan istifadənin üstünlükləri ətrafında fikir mübadiləsi aparılıb. Qurumlar arasında gələcək əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub.
Görüş zamanı İİTKM tərəfindən həyata keçirilən layihələrin önəmi xüsusi vurğulanıb. Qeyd edilib ki, hazırda türk dünyasının geoiqtisadi interaktiv xəritəsinin hazırlanması üzərində işlər davam etdirilir.