TÜRK FİLMLƏRİ MARAQLA QARŞILANMIŞDIR
Derviş Zaimin quruluşunda lentə alınmış “Çamur” filmində hadisələr Şimali Kipr Türk Cümhuriyyətində əsgərlik müddətinin başa çatmasına bir həftə qalmış Ali adlı gəncin ətrafında cərəyan edir. Xəstəliyə tutulan və bunun əlacını şəfalı çamurluqdan uman Ali müntəzəm olaraq ora gedir. Növbəti dəfə o, çamurluqdan keçmiş zamanlardan qalma bərəkət tanrısının bütünü tapır. Onun bu tapıntısı özünə və yaxınlarına fəlakət gətirəcəkdir...
2002-ci ildə istehsal olunmuş ekran əsərindəki əsas rollarda Mustafa Uğurlu, Taner Birsel, Bülent Elim Yarar, Arslan Kacar, Tomris İncer və başqaları çəkilmişlər.
Filmin quruluşçu operatoru Feza Çaldırandır.
Fatih Altinözün ssenarisi əsasında rejissor Zeki Öktenin 2000-ci ildə çəkdiyi “Gülə gülə” filmində isə yaşlı, amma ruhən cavan olan beş dostdan söhbət gedir. Onların biri neçə vaxtdan bəri vurulduğu kubalı qadınla məktublaşır. Yoldaşları onu Kubaya, sevdiyi qadının yanına yola salmaq istəyirlər. Amma buna pulları olmadığına görə bankı qarət etmək qərarına gəlirlər. Əməliyyat uğurla başa çatır. Bu arada Kubadan bir məktub gəlir. Qadının qızı anasının öldüyünü xəbər verir...
20-dək aktyorun çəkildiyi gərgin süjetli filmin quruluşçu operatoru Ferenc Pap, musiqi tərtibatçısı Engiz Düzyoldur.
Hər iki film tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.