Türkdilli ölkələr arasında gənclər və idman sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib
İstanbul, 4 mart, AZƏRTAC
Martın 4-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin gənclər və idman məsələlərinə məsul nazirlərinin birinci iclası keçirilib.
İclasda Azərbaycanı gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
TDƏŞ-in baş katibi Ramil Həsənov tədbiri giriş sözü ilə açaraq toplantının əhəmiyyətindən danışıb.
Sonra Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Türkiyənin gənclər və idman naziri Akif Çağatay, Qırğızıstanın gənclər, bədən tərbiyəsi və idman Dövlət Agentliyinin direktoru Şeyşegul Bakırov, Qazaxıstanın idman və bədən tərbiyəsi komitəsinin sədri Yelsiyar Kanagatovun çıxışları dinlənilib. Çıxışlarda Türk Şurasına üzv ölkələr arasında gənclər və idman sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha sürətli inkişafında gənclər və idman sahəsində əməkdaşlıq mühüm rol oynayır.
Azad Rəhimov çıxışında Türk Şurasının 2013-cü ilin avqustunda Qəbələdə keçirilən üçüncü Zirvə toplantısında qəbul edilən qərara əsasən, Azərbaycanda birinci Türk Universiadasının və birinci Köçəri Oyunlarının keçirildiyini xatırladıb. Nazir bu oyunların türkdilli dövlətlər arasında əməkdaşlığın və dostluğun daha da genişlənməsinə xidmət etdiyini xüsusi vurğulayaraq deyib: “Ümid edirik, cari ilin sentyabrında Qırğızıstanda keçirilməsi nəzərdə tutulan ikinci Köçəri Oyunlarının hazırlığı vaxtında və uğurla başa çatdırılacaq. Azərbaycan bu oyunlarda böyük heyətlə iştirak edəcək”.
“Gəncə - 2016-cı il Avropa gənclər paytaxtı” ilə əlaqədar Azərbaycanda silsilə tədbirlərin təşkil olunacağını vurğulayan nazir türk dünyası gənclər festivalının da məhz bu şəhərdə keçirilməsini təklif edib. Azad Rəhimov, həmçinin Şuranın protokolunda yer alan yay gənclər düşərgəsinin və qeyri-hökumət gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə Gənclər Şurasının iclasının da Azərbaycanda keçirilməsi təşəbbüsünü irəli sürüb. O, Türk Universiadasının ölkələrin adlarının əlifba sırasına uyğunluğuna görə iki ildən bir keçirilməsi prinsipi əsasında həmin tədbirin 2018-ci ildə Azərbaycanda təşkili məsələsini qaldırıb. Habelə Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyi vurğulanaraq, TDƏŞ-in gənclər və idman məsələlərindən məsul nazirlərinin ikinci toplantısının gələn ilin mayında Azərbaycanda keçirilməsi təklifi irəli sürülüb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul