TÜRKİYƏ DANİMARKADAN ÜZR İSTƏMƏYİ TƏLƏB EDƏCƏKDİR
Türkiyə XİN-in rəsmi nümayəndəsi Namiq Tan bildirmişdir ki, Danimarkanın təhriki ilə Avropa KİV-lərində karikaturalar dərc edilməsi beynəlxalq cəmiyyəti birləşdirməyə, Şərq ilə Qərb arasında dialoq yaratmağa qadir təşkilat kimi Avropa İttifaqının nüfuzunu sarsıtmışdır.
Onun fikrincə, Danimarka ilə İslam aləmi arasında körpü yaradılması yalnız bir şərtlə - bu ölkənin hökuməti rəsmi Danimarkanın Məhəmməd Peyğəmbərin təhqir olunmasını dəstəkləmədiyini bildirməsi şərti ilə mümkündür. Tan əlavə etmişdir ki, Danimarka hökuməti üzr istəməli və karikaturaların dərc edilməsi ilə heç bir əlaqəsi olmadığını bildirməlidir.
Bir qədər əvvəl Danimarkanın Baş naziri Anders Foq Rasmussen demişdir ki, Danimarka hökuməti karikaturalara görə üzr istəməməlidir.
Avropa İttifaqında sədrlik edən Avstriya Türkiyədən karikaturalar ətrafında münaqişənin nizama salınmasında vasitəçi olmağı xahiş etmişdir.
Xatırladaq ki, Türkiyə Avropa İttifaqının tamhüquqlu üzvlüyünə namizəddir. Onun Avropaya inteqrasiyası məsələsinə dair danışıqlar ötən ilin oktyabrında başlanmışdır.