TÜRKİYƏ İLƏ AZƏRBAYCAN DÜNYA DÖVLƏTLƏRİ SIRASINDA ÖZ LAYİQLİ YERLƏRİNİ TUTACAQLAR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Murtuz Ələsgərov demişdir ki, ölkələrimiz arasında mövcud dostluq əlaqələri ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra daha da inkişaf etmiş və qardaşlıq səviyyəsinə çatmışdır. Ölkəmizin Prezidenti İlham Əliyev də bu işə xüsusi diqqət yetirir və Azərbaycan ilə Türkiyə arasında əlaqələr bütün sahələrdə dönmədən inkişaf edir və möhkəmlənir.
Sizin Bakıya səfəriniz münasibətlərimizin daha da genişlənməsinə xidmət edəcəkdir.
Parlamentlərimiz arasında sıx əlaqələrin olduğunu bildirən M.Ələsgərov demişdir ki, Türkiyənin ölkəmizdəki səfirliyi vasitəsilə Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana dəvət olunub. Yaxın günlərdə isə Milli Məclisin deputatları Şimali Kiprə səfər edəcəklər. Deputatlarımızın beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etmələri təqdirəlayiq haldır. Məhz belə siyasət nəticəsində Azərbaycan və Türkiyə dünya dövlətləri arasında öz layiqli yerlərini tutacaqlar.
Sonra Murtuz Ələsgərov ətraf mühitin mühafizəsi ilə bağlı qəbul olunmuş qanunlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verdi, münaqişə ilə bağlı Türkiyənin tutduğu mövqeyə görə minnətdarlığını bildirdi.
Osman Pepe demişdir ki, Azərbaycana səfərdən məqsəd iki ölkənin meşə təsərrüfatlarının inkişafı və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığı daha da genişləndirməkdir. Azərbaycanlı həmkarımla imzalayacağımız sənədlər bu sahədə bizə böyük fayda gətirəcəkdir. Doğrudur ki, ölkələrimiz arasındakı əlaqələrin bugünkü səviyyəyə çatmasında ümummilli liderimiz Heydər Əliyevin rolu böyükdür. Prezident İlham Əliyevin də həmin siyasi kursu davam etdirməsi bizi sevindirir. Ümid edirik ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan dünya dövlətləri sırasında öz mövqeyini daha da möhkəmləndirəcəkdir.
Azərbaycan xalqının böyük oğlunun hər bir türk üçün əziz xatirəsinə Ankarada Heydər Əliyevin adına böyük bir park salınmışdır. Bu parkda gəzən hər bir şəxs istər-istəməz Heydər Əliyevi və Azərbaycanı xatırlayacaq. Bu cür parklar digər böyük şəhərlərdə də salınır.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.