Türkiyə millisinə qol vuran futbolçu: Bu qələbə ilə nələrə qadir olduğumuzu göstərdik
Bakı, 5 iyun, AZƏRTAC
"Dünənki oyun çox yaxşı keçdi. Qələbə qazandığımız üçün sevincliyik".
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva Avropa çempionatının seçmə mərhələsinin IV turunda doğma meydanda Türkiyə yığmasına qalib gəldikləri oyun barədə danışarkən deyib.
89-cu dəqiqədə vurduğu yeganə qolla Azərbaycan millisinə qələbə qazandıran müdafiəçi xoşbəxt olduğunu bildirib: "Düşünürəm ki, Türkiyə yığmasına qarşı səfərdəki matçda da qalib gələ bilərdik. Sadəcə, əlimizə düşən şanslardan yararlana bilmədik. Bir səhv ucbatından məğlub olduq. Bakıya qayıdandan sonra səhvlərimiz üzərində çalışdıq. Birinci oyunu və rəqibi diqqətlə analiz etdik. Dünənki oyunda nələrə qadir olduğumuzu hər kəsə göstərdik".
22 yaşlı futbolçu qrupdakı şanslarının yüksək olduğunu söyləyib: "Qarşıda bizi Macarıstan və İsveçrə ilə çətin görüşlər gözləyir. Lakin heç bir rəqibdən çəkinmirik. Əlimizdən gələni edəcəyik ki, qrupdan çıxa bilək".
Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində topladığı 4 xalla üçüncü pillədə qərarlaşıb.