TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜLÜN BƏYANATI
- Dəyərli mətbuat nümayəndələri!
Bugünkü qonağımız dəyərli dostumuz, qardaşımız, Azərbaycanın cümhurbaşqanı hörmətli İlham Əliyevdir. Ona və nümayəndə heyətindəki çox dəyərli nazirlərə, digər üzvlərə - hamısına bir daha “Xoş gəlmisiniz!” deyirəm. Bildiyiniz kimi, Azərbaycanda prezident seçkiləri keçirildi. Bu seçkilərdən sonra hörmətli Əliyev ilk rəsmi səfərini Türkiyəyə etdi. Buna görə bütün türk xalqı böyük qürur duyur və ona çox təşəkkür edirəm. Eyni zamanda, keçirilmiş seçkilərə görə də onu təbrik edirəm. Doğrudan da, bu seçkilər bütün bölgəyə örnək olacaq şəkildə keçirilmişdir. Seçkiləri müşahidə edənlərin hamısının bu məsələlərlə bağlı rəyləri və açıqlamaları Azərbaycanın dostları və qardaşları kimi bizi də məmnun etmişdir.
Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr hər hansı digər iki ölkənin əlaqələrindən çox üstün səviyyədədir. Biz daim bir millət düşüncəsi ilə hərəkət etmişik. Bu baxımdan hər zaman yüksək səviyyəli səfərlərimiz və əlaqələrimiz olmuşdur. Bu səfər də xüsusi bir məna daşımaqdadır. Həm hörmətli Prezident İlham Əliyevin ikinci dəfə seçilməsindən sonra ilk rəsmi səfər etməsi, həm də yeni mərhələdə Qafqazda çox önəmli bir dövr yaşamağımız bizə onunla bu bölgənin məsələlərini, problemlərini geniş şəkildə müzakirə etmək imkanı vermişdir. Bunun da hər iki ölkə üçün çox böyük faydası və xeyiri vardır.
Bildiyiniz kimi, biz son dövrlərdə Qafqazda önəmli hadisələrin şahidi olduq. Bununla əlaqədar bir çox görüşlər, səfərlər oldu. Hörmətli Baş nazirimizin və mənim səfərlərim oldu. Mənim Ermənistana etdiyim səfərdən sonra, sentyabrın 10-da Bakıya səfərim zamanı bölgənin məsələlərini geniş şəkildə müzakirə etmişdik. İndi də, hər şeyi təkrarən yenidən nəzərdən keçirmək fürsətimiz oldu. Bununla yanaşı, onu da ifadə etmək istəyirəm ki, biz birlikdə Qafqazın problemləri ilə cəsarətlə məşğul olmağa başladıq və Qafqazın bütün liderləri bu problemləri həll etmək əzmlərini nümayiş etdirirlər. Bunun çox yaxşı irəliləyiş olduğu qənaətindəyik.
Bir-birinə çox bənzəyən mədəniyyətləri olan bu bölgənin xalqlarının sülh, əmin-amanlıq və sabitlik içərisində yaşaması və əməkdaşlığı genişləndirməsi hamımızın xeyrinədir. Bununla bağlı Türkiyə Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasını ortaya qoymuşdur. Bunu başda Azərbaycan olmaqla, Qafqazdakı bütün ölkələr dəstəkləmişdir. İnanırıq ki, görüşlər, dialoq və qarşılıqlı anlaşma şəraitində yaradılacaq mühit Qafqazdakı problemlərin həllinə yol açacaqdır. Şübhəsiz ki, bu çərçivədə başda Dağlıq Qarabağ münaqişəsi durur. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı da yeni bir mərhələnin başlandığını deyə bilərəm. Hörmətli Əliyevin və Sarkisyanın bir neçə gün əvvəl Moskvada görüşü də səmərəli keçmişdir. Türkiyə bu görüşləri dəstəklədi və bunun davamının olacağına inanırıq. Bu istiqamətdə hər kəsin əlindən gələn köməyi göstərməsini arzu edirik.
Təbii ki, siyasi, enerji sahələri ilə bağlı məsələləri də geniş şəkildə müzakirə etdik. Türkiyə və Azərbaycanın çox qürur duyduğu böyük layihələr - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri ilə bağlı məsələləri bir daha nəzərdən keçirdik. Bildiyiniz kimi, neft və təbii qaz boru xətləri uğurla fəaliyyət göstərir. Diqqətimizi dəmir yolunun çəkilişinin başa çatdırılmasına yönəltmişik. Şübhəsiz ki, bu böyük layihələrdə Gürcüstanın çox böyük payı vardır. Ümumiyyətlə, bu, hamımızın xeyrinədir. Bu böyük layihələr sülhün, sabitliyin təminatı üçün bölgədəki bütün ölkələrə açıqdır. Bunu hamımız dəfələrlə demişik.
İki ölkə arasındakı ikitərəfli əlaqələr yüksək səviyyədə, ən yaxşı şəkildə davam etməkdədir. İqtisadi-ticarət əlaqələrimiz yaxşıdır. Ticarət dövriyyəsinin həcmi getdikcə artmaqdadır. Sərmayələr qarşılıqlı şəkildə artır. Azərbaycanın Türkiyəyə qoyduğu sərmayələr diqqəti çox çəkməkdədir və Türkiyənin neft sənayesinə qoyulan sərmayələr hər kəs tərəfindən dəstəklənməkdədir. Türkiyə iş adamlarının Azərbaycandakı sərmayələrinin həcmi daim artır. Onlara göstərilən etimada görə hörmətli Prezidentə və dostlarımıza bir daha təşəkkür edirəm. Bu əməkdaşlığımız, şübhəsiz ki, davam edəcəkdir. Biz bu məsələlərə ən yüksək səviyyədə böyük etimad göstəririk.
Hörmətli Prezidentin bu səfərinin önəmli olduğunu, bütün əlaqələrimizi bir daha nəzərdən keçirərkən hər şeyin ən yaxşı şəkildə davam etdiyini görməkdən duyduğum məmnunluğu ifadə edirəm. Bir daha “Xoş gəlmisiniz!” deyirəm.
Biz təkbətək görüşümüzdə apardığımız söhbətlərdə ABŞ-da keçirilmiş prezident seşkiləri barədə də danışdıq. Amerikada seçkilərin rəsmi nəticələri hələ elan edilməmiş olsa da, biz Barak Obamanın ABŞ-a Prezident seçilməsini, təbii ki, müsbət şəkildə, diqqətlə izlədik. Bunun həm Amerika xalqı üçün, həm də dünyada sülh və sabitlik, təhlükəsizlik üçün xeyir gətirməsini arzu edirik. Ümid edirəm ki, bütün dünyada yeni bir mərhələ başlayacaqdır.