Türkiyə səfiri və Çorum bələdiyyəsinin nümayəndə heyətinin Qarabağa səfəri başlayıb VİDEO
Füzuli, 7 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Türkiyə səfiri, Türkiyə Çorum Bələdiyyəsinin sədri və nümayəndə heyətinin Qarabağ İqtisadi rayonuna səfəri başlayıb. Qonaqlar öncə Füzuli rayonuna gəlib.
AZƏRTAC-ın Qarabağ İqtisadi rayonuna ezam olunan bölgə müxbiri xəbər verir ki, qonaqları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb. Səfər zamanı qonaqlar Füzulidə erməni vəhşiliyi nəticəsində törədilən dağıntılara, yerlə-yeksan edilən yurd yerləri ilə tanış olacaqlar. Həmçinin işğal zamanı ermənilər tərəfindən müdafiə zolağı kimi istifadə edilən minalanan ərazilərə baxış keçiriləcək.
Qonaqlar işğaldan azad edilən ərazilərdə aparılan tikinti quruculuq işləri ilə də tanış olacaqlar.
Səfərin əsas məqsədi Qarabağ iqtisadi rayonu ərazisində yerləşən Füzuli Beynəlxalq Hava Limanında Çorum şəhəri və Füzulinin Qardaşlaşma Sənədinin imzalanmasıdır.