DÜNYA
Türkiyə Ukraynaya “Bayraktar Akıncı” PUA-ları tədarük edə bilər

Bakı, 2 oktyabr, AZƏRTAC
Türkiyə tərəfi Ukraynaya “Bayraktar Akıncı” PUA-larının tədarükü məsələsini müzakirə edir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Baykar” kompaniyasının Baş direktoru Haluk Bayraktar “Azadlıq radiosu”na müsahibəsində deyib. Onun sözlərinə görə, müdafiə sənayesi sahəsində əməkdaşlıq üçün dövlətin icazəsi olmalıdır və “Baykar”ın belə bir icazəsi var.
Sentyabrın 29-da Kiyevdə müdafiə sənayesi forumunda çıxış edən Haluk Bayraktar PUA istehsalı üzrə Ukraynada tikilən zavodun inşasının ilyarımdan sonra başa çatacağını bəyan edib. “Baykar” kompaniyası Ukraynaya ümumilikdə 100 milyon dollara yaxın sərmayə qoyacaq. Bu vəsait zavodun inşasından başqa, servis mərkəzinə və kompaniyanın bu ölkədəki əsas ofisinə sərf olunacaq.
Qeyd edək ki, 2022-ci il iyulun 19-da Baş nazir Denis Şmıqal Türkiyə ilə Ukrayna arasında “Bayraktar” pilotsuz uçan aparat zavodunun tikintisinə başlamağa imkan verəcək müqavilənin hazırlandığını açıqlayıb. Avqust ayında isə “Baykar Makina” Ukraynada qeydiyyatdan keçdiyini, həmçinin zavodun tikintisi üçün yer aldığını elan edib.