Türkiyə və Lüksemburq parlamentlərinin sədrləri Cənubi Qafqazda sülhün əhəmiyyətini vurğulayıblar
Ankara, 22 oktyabr, AZƏRTAC
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş və Lüksemburq Deputatlar Palatasının sədri Klod Vizler Ankarada keçirilən danışıqlarda Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, danışıqların yekunlarına dair mətbuat konfransında N.Kurtulmuş Azərbaycanla Ermənistan arasında münasibətlərdə baş verən proseslərin regiona təsir göstərdiyini bildirib.
“Türkiyənin Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması prosesinə qoşulması ilə Ankara münasibətlərin normallaşdırılması istiqamətində səylərini gücləndirib. Bu, Şərqlə Qərb, Avropa, Qafqaz və Asiya arasında əlaqələrin təhlükəsizliyinin təmin olunması baxımından da vacibdir”, – deyə o vurğulayıb.
K.Vizler isə Cənubi Qafqazda gedən proseslərdəki roluna görə Türkiyəyə təşəkkür edib və son illərdə baş verən hadisələrin regiona sülh gətirdiyini bildirib.
“Bu sülh iki-üç günlük deyil, uzunmüddətli perspektiv üçün nəzərdə tutulub. Ermənistanla Azərbaycan arasında sülhün təmin olunmasına imkanlarımız daxilində töhfə verməyə davam edəcəyik”, – deyə avropalı siyasətçi əmin edib.