Türkiyədə azərbaycanlı müəllimin layihəsi əsasında sərgi açılıb
İstanbul, 24 iyun, AZƏRTAC
Türkiyənin Çanaqqala Onsəkkiz Mart Universitetində azərbaycanlı müəllim Minarə Quliyevanın dərs koordinatorluğu ilə “Tekstil tullantılarından sənətə: Çanaqqala nümunəsi” tələbə işləri sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, universitetin İncəsənət fakültəsinin ənənəvi türk sənətləri ilə tekstil və moda dizaynı bölümləri tələbələrinin birgə fəaliyyəti nəticəsində hazırlanan sərgi davamlılıq anlayışını bədii yaradıcılıqla birləşdirən, fənlərarası xarakter daşıyan layihədir.
Tədbirdə tələbələrin tekstil tullantılarını yaradıcı dizayn prosesləri vasitəsilə yenidən dəyərləndirərək ərsəyə gətirdikləri orijinal əsərlər nümayiş etdirilir. Ənənəvi türk sənətləri ilə müasir tekstil və moda dizaynı yanaşmalarını bir araya gətirən bu əsərlər ekoloji maarifləndirmə, davamlılıq və estetik yaradıcılıq prinsipləri əsasında formalaşmış tətbiqləri ziyarətçilərə təqdim edir.
Həmvətənimiz Minarə Quliyeva tərəfindən hazırlanan növbəti layihə isə “İstehlak əleyhinə bir yanaşma: Geyim və aksesuarlarda yenidən dəyərləndirmə tətbiqləri” mövzusuna həsr edilib.
Çanaqqala Onsəkkiz Mart Universitetinin İncəsənət fakültəsi ilə Çanaqqala şəhər Milli Təhsil Müdirliyi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə universitetin dayanıqlılığı baxımından COP31 baxışını əks etdirir.
Layihə çərçivəsində “Kiçik əllərdən böyük dəyişim” mövzusunda sərgi açılıb. Sərgidə “Cümhuriyyətin rəngləri: Keçə emalatxanası”, “Kiçik əllər toxuyur”, “Kiçik dizaynerlər: Aksesuar və geyim dizaynı”, “Kiçik toxunuşlar: Şablon çap tətbiqləri” və “Kiçik əllər çarpana toxuyur” adlı 5 emalatxanada hazırlanan işlər ziyarətçilərə təqdim edilib.