Türkiyəli professor: Xocalı soyqırımı mövzusunun işıqlandırılması kollektiv yaddaşın inkişafı baxımından çox əhəmiyyətlidir
Ankara, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Türkiyənin Kastamonu Universitetində Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçılarına müraciət edən professor Vüsalə Musalı 1992-ci ilin fevral faciəsinin Azərbaycan xalqının yaddaşında dərin iz buraxdığını qeyd edib.
O bildirib ki, erməni təcavüzkarlarının Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi vəhşiliklər mövzusu ədəbiyyatda da öz əksini tapıb. Alim qeyd edib: “Son onilliklərdə Xocalı mövzusunda bir çox ədəbi əsər, o cümlədən Zəlimxan Yaqubun məşhur “O qızın göz yaşları” poeması yazılıb”.
Professor vurğulayıb ki, yazıçı və şairlərin əsərlərində Xocalı təkcə faciə deyil, həm də milli dirçəlişin, insanlığa və vicdana çağırışın simvoludur. Onun sözlərinə görə, Xocalı soyqırımının işıqlandırılması kollektiv yaddaşın inkişafı, etik şüurun formalaşdırılması və Azərbaycanın gələcək nəsillərində tarixi məsuliyyətin aşılanması üçün böyük əhəmiyyət kəsb edir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara