TÜRKİYƏNİN BAŞ NAZİRİ İSRAİL VƏ FƏLƏSTİN ARASINDA GƏRGİNLİYİN AZALDILMASI ÜÇÜN DANIŞIQLAR APARMIŞDIR
Mətbuat xidmətinin məlumatında bildirilir ki, əvvəlcə Fələstin Prezidenti Mahmud Abbas Rəcəb Tayyib Ədoğana zəng etmiş, İsrail əsgərinin girov götürülməsi ilə əlaqədar yaranmış problemin həlli üçün yardım göstərməyi xahiş etmişdir. O, əsgərin tapılması üçün bütün tədbirlərin görüldüyünü və bununla bağlı xalqına müraciət etdiyini bildirmişdir. Rəcəb Tayyib Ərdoğan əsgərin tapılmasının vacibliyini qeyd etmiş və problemin həlli istiqamətində Türkiyənin yardıma hazır olduğunu bildirmişdir.
İsrailin Baş naziri Ehud Olmert də Ərdoğana zəng vuraraq problemin həllinə yardım göstərməsini xahiş etmişdir. Türkiyənin Baş naziri Mahmud Abbasla danışıqları barədə ona məlumat vermiş və tərəfləri təmkinli olmağa çağırmışdır.
Həmin gün Rəcəb Tayyib Ərdoğan Fələstinin Baş naziri İsmayıl Haniyə ilə də telefonla danışmış, yaranmış vəziyyət və Qəzzəyə hücumdan narahatlığını ifadə etmişdir.