Türkiyənin Hacettepe Universitetində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir
Ankara, 24 fevral (AZƏRTAC). Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə Ankaradakı Hacettepe Universitetində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
Azərbaycan və Türkiyənin dövlət himnləri səslənmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasim iştirakçıları Heydər Əliyev Fondunun təqdim etdiyi “Xocalı qətliamı” sənədli filminə baxmışlar.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov Xocalı soyqırımının və ermənilərin törətdikləri digər qətliamların unudulmaması, onların günahkarlarının hüquq qarşısında cavab vermələri üçün iki qardaş ölkənin ictimaiyyətinin birgə səylərindən məmnunluqla bəhs etmişdir.
Milli Məclisin deputatı Qənirə Paşayeva çar Rusiyasının Azərbaycan torpaqlarına məqsədli şəkildə yerləşdirdiyi və silahlandırdığı ermənilərin iki əsrə yaxın bir dövrdə xalqımızın başına açdığı müsibətlərdən, havadarlarına arxalanaraq torpaqlarımızı işğal etmələrindən ətraflı bəhs etmişdir. O, Türkiyə və Azərbaycan gənclərini təkcə fevralın 26-da deyil, hər gün erməni təbliğatına qarşı mübarizə aparmağa, Xocalı soyqırımını bütün dünyada tanıtmağa çağırmışdır.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Necdət Ünüvar, Hacettepe Universitetinin rektoru, professor Murat Tuncer, tarix fakültəsinin dekanı, professor Məhmət Özbey, universitetin magistraturasının tələbəsi Tevfik Orkun Develi və İzmirdəki Doqquz Eylül Universitetinin dissertantı Cavid Əliyev Xocalı faciəsindən, Anadolu torpaqlarında ermənilərin törətdikləri digər qətliamlardan bəhs etmişlər.
Mərasimin sonunda universitet tələbələrinin gənc yazıçı Nazim Muradovun “Xocalı faciəsi” əsəri əsasında hazırladıqları tamaşa göstərilmişdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara