Türkiyənin İzmit şəhərində Xocalı Şəhidləri abidəsinin açılışı olub
İzmit, 23 aprel, AZƏRTAC
Türkiyənin İzmit şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Xocalı Şəhidləri abidəsinin açılışı olub. Mərasimdə Azərbaycan və Türkiyənin rəsmi şəxsləri, hər iki ölkə ictimaiyyətinin görkəmli nümayəndələri, elm və sənət adamları, mədəniyyət xadimləri, QHT rəhbərləri və KİV təmsilçiləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
İştirakçılar üzərində “İşğalçı ordu Qarabağdan dəf olsun!”, “Xocalıya ədalət!”, “Xocalı soyqırımını törədənlərə bəraət yoxdur!” kimi yazlar olan plakatlarla abidənin ətrafına toplaşıblar. Ermənistanın işğalçı siyasətini ittiham edən şüarlar səsləndirilib.
Məlumat verilib ki, Xocalı Şəhidləri abidəsi Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) layihəsi əsasında İzmit bələdiyyəsi tərəfindən inşa olunub.
Açılış mərasimində Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, TADEF-in sədri Bilal Dündar, İzmit bələdiyyəsinin sədri Nevzət Doğan və başqaları çıxış ediblər. Çıxışlarda ermənilərin Azərbaycan və Türkiyəyə qarşı zaman-zaman törətdikləri ağır cinayətlərdən bəhs olunub, uydurma “erməni soyqırımı” mövzusunun bu cinayətləri ört-basdır etmək üçün ortaya atıldığı bildirilib.
Diqqətə çatdırılıb ki, əhalisi səfalət içərisində yaşayan Ermənistan və erməni millətçi təşkilatları Azərbaycan və Türkiyəyə qarşı əsassız iddialarını gerçəkləşdirmək iqtidarında deyil. Saxta “erməni soyqırımı” iddiası ilə dünya ictimaiyyətini aldatmağa cəhd edənlər Xocalı soyqırımını törədən Ermənistan dövlətinin hərbi cinayətlərinə ədalətli münasibət bildirsələr, bu yanaşma dünyada sülh və əmin-amanlıq yaratmaq üçün faydalı olar.
İzmit şəhərində belə bir abidənin qurulması Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirilib.
Diqqətə çatdırılıb ki, Xocalı soyqırımı ermənilərin iç üzünü, əsl xislətini bir daha açıb dünyaya göstərdi və uzun illərdən bəri törətdikləri bəşəri cinayətlərin real təsdiqi kimi yaddaşlara həkk olundu.
Sonra abidənin rəsmi açılışı oldu. Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi, ruhlarına dualar oxundu.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İzmit