Türkiyənin Kocaeli şəhərində Xocalı faciəsinə həsr olunmuş fotosərgi açılmışdır
Bakı, 27 aprel (AZƏRTAC). Türkiyənin Kocaeli şəhərində Haqq və Bərabərlik Partiyasının təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş “1915-ci ilə yox, 1992-ci ilə bax” mövzusunda fotoşəkil sərgisi keçirilmişdir.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyə ictimaiyyəti nümayəndələrinin, gənclərin, jurnalistlərin iştirak etdiyi ikigünlük tədbirdə ermənilərin 1915-1918-ci illərdə türklərə və azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı, 1992-ci il fevralın 26-da baş verən Xocalı soyqırımına həsr olunmuş 55 fotoşəkil nümayiş olunmuşdur.
Ermənilərin əsassız iddialarına qarşı həqiqi soyqırımı faktlarından danışan partiya sədrinin müavini Cazim Gürbüz bildirmişdir ki, tədbirin məqsədi qondarma erməni soyqırımının əsl tarixi və ermənilərin əsrlər boyu türklərə və azərbaycanlılara qarşı törətdikləri soyqırımı faktlarını göstərməkdir. Eyni zamanda, ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı aktını xatırlamaq, bu faciəni bir daha türk ictimaiyyətinə çatdırmaq, bu hadisədən ibrət dərsi götürməyə nail olmaqdır.
C.Gürbüz, məkrli qonşularımızın Xocalıda törətdikləri soyqırımı haqqında ətraflı danışmış, bu hadisənin tarixdə ən dəhşətli və qəddar faciələrdən biri olduğunu diqqətə çatdırmışdır.
Natiq ermənilərin təcavüzkar siyasətinin türk ictimaiyyəti tərəfindən qətiyyətlə pisləndiyini vurğulamışdır.