SİYASƏT
Türkiyənin müdafiə naziri: Ümidvarıq ki, Ermənistan davamlı sülh fürsətindən istifadə edəcək
Ankara, 9 noyabr, AZƏRTAC
Azərbaycanın 44 günlük müharibədə Qələbəsindən sonra Ermənistanla uzunmüddətli sülh üçün tarixi şans yarandı. Ümidvarıq ki, İrəvan öz siyasətini Cənubi Qafqaz regionunun münaqişələrə deyil, dostluğa və əməkdaşlığa ehtiyacı olması prinsipi əsasında quracaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ankarada Azərbaycanın Zəfər Gününün dördüncü ildönümünə həsr olunmuş təntənəli tədbirin iştirakçıları qarşısında çıxış edən Türkiyənin milli müdafiə naziri Yaşar Güler deyib.
Türkiyəli nazirin sözlərinə görə, rəsmi Ankara Cənubi Qafqazda münasibətlərin tezliklə normallaşacağını gözləyir, həmçinin regionun bütün dövlətlərinin iqtisadi inkişafına və rifahının artmasına töhfə verəcək Zəngəzur dəhlizinin açılmasının tərəfdarıdır.
Yaşar Güler Türkiyə və Azərbaycanı “qırılmaz dostluq və birlik telləri ilə bağlı qardaş dövlətlər” adlandırıb. “Ölkələrimiz tarixboyu bir-birinə dəstək olub, faciələrin acısını, qələbələrin sevincini bölüşüblər. Türkiyə ilə Azərbaycan bütün sahələrdə, o cümlədən müdafiə sahəsində əlaqələri hələ də dərinləşdirir. Türkiyənin gücü Azərbaycanın da gücüdür! Biz qardaş Azərbaycanın yanında olmuşuq və olacağıq”, - deyə Türkiyənin müdafiə naziri vurğulayıb.
Nazir əmin edib ki, Ankara ilə Bakı Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı əsasında bundan sonra da sıx əməkdaşlıq edəcəklər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara