Türkiyənin OSTİM Texniki Universitetində Zəfər Gününə həsr olunan musiqili tədbir keçirilib
Ankara, 10 noyabr, AZƏRTAC
Azərbaycanın tarixi qələbəsinin birinci ildönümü, 8 Noyabr - Zəfər Günü münasibətilə Türkiyənin OSTİM Texniki Universitetində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə OSTİM Texniki Universitetinin rektoru professor Murat Yülek, Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru professor Alpaslan Ceylan, Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Elçin Allahverdiyev çıxış ediblər.
Azərbaycanın rəşadətli qələbəsini təbrik edən rektorlar böyük Zəfərin bütün türk dünyasının qüruru olduğunu bildiriblər.
Otuz ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarımızın Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi və qəhrəman ordumuzun fədakarlığı ilə azad olunduğunu deyən müşavir Elçin Allahverdiyev qələbədə müstəsna rolu olan şəhidlərimizin xatirəsinin əbədi yaşayacağını vurğulayıb, qazilərimizə Allahdan şəfa diləyib. Diqqətə çatdırıb ki, Vətən müharibəsi zamanı verilən siyasi və mənəvi dəstəyə görə Prezident Rəcəb Tayyib Ərdoğana və bütün Türkiyəyə minnətdarıq.
Tədbirdə Vətən müharibəsində iştirak etmiş OSTİM Universitetinin tələbəsi Qəzənfər Bədəlova simvolik olaraq “Laçının azad olunması” medalı təqdim edilib.
Daha sonra Azərbaycanın Vətən müharibəsi ilə bağlı videonümayiş olunub, universitetin musiqi qrupu çıxış edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara