Nazir müavini: Startapların maliyyələşməsi üçün yeni hüquqi alətlər qanunvericiliyə daxil edilir
Bakı, 17 iyun, AZƏRTAC
İnnovativ şirkətlərin ilkin investisiya cəlb etməsi üçün beynəlxalq təcrübədə tətbiq olunan bəzi alətlər Azərbaycan qanunvericiliyində nəzərdə tutulmur. Bu baxımdan mövcud korporativ və maliyyə münasibətləri daha çox ənənəvi biznes modelləri üzərində formalaşıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov deyib.
O qeyd edib ki, startapların fəaliyyəti və inkişafı tamamilə fərqli prinsiplərə əsaslanır və bu, artıq hər kəsə məlumdur. Onun sözlərinə görə, bu sahədə dövrün tələblərinə uyğun maliyyələşmə alətlərinin mövcudluğu vacibdir.
“Hazırda Azərbaycanda bu alətlərin bir qismi praktikada istifadə olunsa da, onların hüquqi statusu tam müəyyənləşdirilməyib. Bu isə həm sahibkarlar, həm də investorlar üçün əlavə hüquqi qeyri-müəyyənlik yaradır. Təklif etdiyimiz qanunvericilik paketi məhz bu boşluğu aradan qaldırmağa yönəlib. Paketin tərkibində ilk dəfə olaraq SAFE müqavilələri, konvertasiya olunan borc mexanizmləri, işçilərin pay iştirak proqramları (ESOP) və korporativ müqavilələr Azərbaycan qanunvericiliyində təsbit olunur. Bu alətlər startaplara maliyyə resurslarını daha sürətli və çevik şəkildə cəlb etməyə imkan verəcək”, - deyə nazir müavini bildirib.
Fotoqraf - Aydın Məmmədov