UNITAR rəsmisi: İnnovasiya müasir inkişaf gündəliyinin əsas sütunlarından biridir
Bakı, 17 iyun, AZƏRTAC
İnnovasiya müasir inkişaf gündəliyinin əsas sütunlarından biridir.
AZƏRTAC xəbər verir ki, bunu İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində İslam İnkişaf Bankı İnstitutunun (IsDBI) təşkil etdiyi “İslam maliyyəsi vasitəsilə davamlı tərəqqiyə nail olmaq” mövzusunda İslam Maliyyəsi üzrə 20-ci Qlobal Forumdakı çıxışında Birləşmiş Millətlər Təşkilatının Təlim və Tədqiqat İnstitutunun (UNITAR) Rifah şöbəsinin müdiri Mihoko Kumamoto deyib.
“Biz uzun müddət inkişaf məsələlərinə ayrı-ayrı sektorlar və istiqamətlər üzrə, yəni parçalanmış yanaşma ilə baxmışıq. Lakin artıq bu yanaşmadan uzaqlaşmalı və daha əlaqələndirilmiş, inteqrasiya olunmuş yanaşmaya keçməliyik. Bu, xüsusilə vacibdir. Bu kontekstdə “UNITAR 2.0” yanaşmasını təqdim etmək istərdim. Bu yanaşma çərçivəsində beş əsas element müəyyənləşdirilib və mən inanıram ki, bu elementlər inkişaf problemlərinin daha effektiv həllinə kömək edə bilər.
Birinci element – məlumatlara əsaslanan yanaşmadır. Nə edəcəyiksə, sübutlara və etibarlı məlumatlara əsaslanmalıdır. Qərarlar emosiyalara və fərziyyələrə deyil, faktlara söykənməlidir. İkinci element – strateji uzaqgörənlikdir. Bu gün dünya son dərəcə qeyri-müəyyən və proqnozlaşdırılması çətin bir dövr yaşayır. Buna görə də yalnız mövcud problemləri anlamaq kifayət deyil. Eyni zamanda, qarşıdan gələn riskləri qabaqcadan müəyyən etmək və onlara hazır olmaq lazımdır. Strateji uzaqgörənlik məhz bu məqsədə xidmət edən mühüm alətdir. UNITAR potensialın artırılması üzrə ixtisaslaşmış BMT qurumudur və üzv dövlətlərdən strateji uzaqgörənlik sahəsində bacarıqların gücləndirilməsi ilə bağlı çoxsaylı müraciətlər alırıq. Üçüncü element – rəqəmsallaşmadır. Planlaşdırma, icra, monitorinq və qiymətləndirmə də daxil olmaqla fəaliyyətimizin bütün mərhələlərində rəqəmsal texnologiyaların effektiv tətbiqi artıq zərurətə çevrilib. Bu, inkişaf prosesinin ayrılmaz hissəsidir. Dördüncü element – davranış elmləridir.Əslində bizim məqsədimiz insanları təşviq etmək, onları gücləndirmək və düzgün qərarlar verməyə həvəsləndirməkdir. Bunun üçün isə insanların niyə müəyyən davranışlar nümayiş etdirdiyini və hansı mexanizmlərin onların davranışlarını dəyişə biləcəyini başa düşmək lazımdır. Bu yanaşma davranış elminin prinsiplərinə əsaslanır və siyasətlərin daha effektiv hazırlanmasına kömək edir. Beşinci və sonuncu element isə innovasiyadır. Bu gün ənənəvi və ya “həmişə olduğu kimi” yanaşmalar artıq kifayət etmir. Qarşılaşdığımız mürəkkəb problemlərin həlli üçün yeni düşüncə tərzinə, yeni metodlara və innovativ həllərə ehtiyac var”, - deyə Mihoko Kumamoto əlavə edib.